“Rabitəbank” nizamnamə kapitalını artırıb

“Rabitəbank “ASC 14 fevral  tarixində nizamnamə kapitalını 12.8 mln. manat məbləğində artıraraq 101.3 mln manata, məcmu kapitalını isə 104.6 mln. manata  çatdırıb. Artım mövcud səhmdarlar hesabına həyata keçirilib.

BBN.az xəbər verir ki, Nizamnamə kapitalının artırılmasında əsas məqsəd bankı əlavə kapitalla təmin edərək onun sabitliyini daha da möhkəmləndirmək və strateji layihələrdə iştirakını təmin etməkdir.

Azərbaycanın bank sektorunda aparıcı mövqelərdən birini tutan “Rabitəbank”ın  aktivləri 2017-ci il ərzində 31,7% artaraq 727 mln. manat təşkil edib. Hazırda Bank ölkə ərazisində 22 filial və 1 şöbədən ibarət şəbəkəsi ilə Bakı şəhəri və Azərbaycanın 15 regionunda fəaliyyət göstərir.

Xatırladaq ki, 2018-ci il “Rabitəbank”ın fəaliyyətinin 25-ci ilidir. 1993-cü ildə yaradılmış Rabitəbank 25 il ərzində uğurlu inkişaf yolu keçib və ölkənin bank sektorunda öz layiqli yerini tutmaqla yanaşı geniş müştəri bazası ilə gələcək inkişafı üçün də etibarlı bünövrə yarada bilib.  Öz fəaliyyətinin 25-ci ilində də Rabitəbank hər zaman olduğu kimi yüksək xidmət və çeşidli bank məhsulları ilə müştərilərinin xidmətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır