“Rabitəbank” ASC-nin İdarə Heyəti sədrinin müavini Elşən Bədirxanov öz biznesini qurmaq arzusunda olan gənclərə “Uğura inan, öz biznesinə başla!” adı altında seminar keçib.
BBN.az xəbər verir ki, NR Academy-nin “SYOB” (Start Your Own Business) layihəsi çərçivəsində öz biznesini qurmaq arzusunda olan gənclər ilə ilk görüş keçirilib.
Seminar xarakterli görüşdə təlimçi kimi “Uğura inan, öz biznesinə başla!” kitabının müəllifi, “Rabitəbank” ASC-nin İdarə Heyəti sədrinin müavini Elşən Bədirxanov iştirak edib.
E. Bədirxanov seminar iştirakçılarına biznesdə və həyatda uğur, uğurun 10 prinsipi, özünə inam və uğursuzluğa münasibət haqqında faydalı məlumatlar verib və praktiki misallar gətirib.
Qeyd edək ki, Elşən Bədirxanov 1993-cü ildən bank sistemində çalışmağa başlayıb, “Rabitəbank” ASC-də Beynəlxalq əməliyyatlar departamentinin rəhbəri, “Bank of Baku” ASC-də İdarə Heyəti sədrinin müavini və bankın rəhbəri, “Bank VTB (Azərbaycan)” ASC-də İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışmışdır. İşlədiyi bir çox qurumlarda İnsan Resurslarının idarə edilməsi, pərakəndə bankçılıq və bir sıra digər sahələri kurasiya edib, biznes təhlili ilə məşğul olan Kredit Komitəsinin üzvü olub. Hal-hazırda “Rabitabank” ASC-nın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.
İştirakçılar tərəfindən böyük maraqla qarşılanan seminarın sonunda müəllif tərəfindən aktiv iştirakçılara kitab hədiyyə edilib. Nəzərizinə çatdıraq ki, “Azərbaycan Banklar Assosiasiyası” (ABA) və “ASAN Könüllüləri”nin dəstəyi ilə nəşr etdirilən “Uğura inan, öz biznesinə başla!” kitabının elektron versiyasını bu link vasitəsi ilə ABA-nın saytından ödənişsiz əldə edə bilərsiniz.
Xatırladaq ki, NR Academy hər həftəsonu SYOB (Start Your Own Business) layihəsi çərçivəsində bu tipli təlim və seminarlar keçirəcəkdir. Müraciət üçün bu linkə daxil ola bilərsiniz.