Əmlak Məsələləri Dövlət Komitəsi, Türkiyənin “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı ilə 28 noyabr 2017-cı il tarixində «Baku Expo Mərkəzi»ndə RecExpo – “Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi”nin açılış mərasimi keçirilib.
Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, bir sıra xarici dövlətlərin ölkəmizdəki səfirləri, nüfuzlu yerli və xarici investisiya, tikinti, inşaat və əmlak şirkətlərinin rəhbərləri iştirak edib.
Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır.
Sərgi daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsinə şərait yaradır. Özəlləşdirilmiş müəssisələrə kapital axını isə ölkənin makroiqtisadi göstəricilərinin, məşğulluğun səviyyəsinin artımına, yeni iş yerlərinin yaradılmasına, ixrac potensialının yüksəlməsinə səbəb olacaqdır.
Sərgidə dünyanın 14 ölkəsindən olan 70-ə yaxın daşınmaz əmlak şirkətləri, investisiya qurumları və digər təşkilatlar iştirak edir. Bu mühüm və böyük tədbir həm yerli, həm də beynəlxalq müstəvidə daşınmaz əmlak sektoruna aid prestijli şirkətləri, brend layihələri, potensial əmlak investorlarını Azərbaycanda vahid platformada toplayıb. Sərgidə 150-dən çox tikinti və inşaat layihəsi nümayiş olunur.
Qeyd edək ki, sərgi 30 noyabr tarixinədək davam edəcək. Sərgi ilə yanaşı 29 noyabr tarixində “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda Konfrans keçiriləcək.