Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Biliklərə əsaslanan inkişaf üzrə İşçi Qrupunun 10-cu iclası və “Dayanıqlı İnkişaf Məqsədləri üzrə innovasiya siyasətləri, texnologiya tətbiqləri və infrastrukturu” mövzusunda potensialın artırılması üzrə regional seminar öz işinə başlayıb.
BBN.az xəbər verir ki, iki gün davam edəcək tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN), BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) və BMT-nin Avropa üçün İqtisadi Komissiyasının (UNECE) dəstəyi ilə keçirilir.
Tədbirdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində innovasiya siyasətinin, texnoloji yeniliklərin tətbiqi, infrastrukturun genişləndirilməsi sahəsində bilik və faydalı təcrübə mübadiləsinin aparılması, regional əməkdaşlığın təşviqi məsələləri müzakirə edilir. Bu məqsədlə tədbirdə Mərkəzi Asiya İqtisadiyyatları üzrə İşçi Qrupunun (SPECA) üzv-dövlətlərinin rəsmiləri, BMT-nin qurumlarının nümayəndələri iştirak edirlər.
Tədbiri giriş sözü ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə açıb. O bildirib ki, inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da innovasiyalar ölkənin davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, yoxsulluq və işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün prioritet vasitə hesab edilir.
“Azərbaycan Respublikasının Prezidenti bu ilin yanvarında Davos İqtisadi Forumunda çıxışında qeyd etmişdir ki, ölkənin gələcək inkişafı innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən asılı olacaqdır. Bu baxımdan Azərbaycanda innovativ fəaliyyətin inkişafı üçün tədbirlər həyata keçirilir. Burada təbii olaraq sosial sferada innovasiyaların tətbiq olunmasını təmin edən dövlətin innovasiya siyasəti ilk sırada durur. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında innovasiya fəaliyyətinin keyfiyyətcə yeni müstəvidə genişlənməsi, innovativ yeniliklərin yayılması, onların istehsal sahəsində tətbiqi məsələləri öz əksini tapıb”.
E.Vəlizadə yaxın gələcəkdə innovasiya fəaliyyətinin genişləndirilməsi və tətbiqinin sürətləndirilməsi məqsədilə müvafiq tədbirlərin işlənib hazırlanacağını bildirib.
İclasda hazırda işlənilməkdə olan SPECA İnnovasiya Strategiyasının layihəsinin təqdimatı və müzakirəsi aparılıb, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının Şimali və Mərkəzi Asiya üzrə subregional ofisinin rəhbəri Hirohito Toda, BMT-nin Avropa İqtisadi Komissiyasının İnnovativ Siyasətin İnkişafı bölməsinin rəhbəri Anders Conson çıxış edib.
Qeyd edək ki, seminar 2009-cu ildən etibarən BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial, eləcə də, Avropa İqtisadi komissiyaları tərəfindən təşkil olunur. Sonuncu iclas 2017-ci ildə Bişkek şəhərində keçirilib.