“Rəqəmsal ödənişlərin genişləndirilməsinin təbliği və təşviqi” mövzusunda təlim keçirilib

Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə “Rəqəmsal ödənişlərin genişləndirilməsi” istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası çərçivəsində tədbirlərini davam etdirir. Növbəti tədbir kimi Mərkəzi Bankın təşəbbüsü ilə Vergilər Nazirliyi ilə birlikdə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün “Rəqəmsal ödənişlərin genişləndirilməsinin təbliği və təşviqi” mövzusunda iki günlük təlim keçirilib.

Təlimin əsas məqsədi media institutları ilə peşəkar kommunikasiyanın gücləndirilməsi, jurnalistlərin maliyyə savadlılığı səviyyəsinin yüksəldilməsi və KİV vasitəsiylə Mərkəzi Bankın rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə ictimaiyyəti daha dolğun məlumatlandırmaqdan ibarətdir.

Təlimdə Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin, eləcə də Vergilər Nazirliyinin əməkdaşları rəqəmsal ödənişlərin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə təqdimatlarla çıxış edibər. Eyni zamanda Mərkəzi Bank tərəfindən ölkənin milli ödəniş sistemi infrastrukturunun təkmilləşdirilməsi, istifadə effektivliyinin yüksəldilməsi və iqtisadiyyatda nağdsız ödənişlərin çəkisinin artırılması istiqamətində görülmüş tədbirlər barədə ətraflı məlumat verilib. Təqdimatlardan sonra sual-cavab sessiyası təşkil olunmuş və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Daha sonra Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu ilə əməkdaşlıq çərçivəsində jurnalistlər üçün “yığım oyunu” təşkil edilib. Yarışma zamanı iştirakçılara yığım mədəniyyətinin və ailə büdcəsinin effektiv idarə olunması bacarıqları aşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır