“Rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na əlavələr edilib

“Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən təkliflər verilib.

Verilmiş təkliflərlə əlaqədar Mərkəzi Bank qüvvədə olan Qaydalarda  bir sıra əlavələr və dəyişikliklər edib. Dəyişikiliklərin bəzilərini qeyd etmək istərdik:

İlk təklif Qaydaların 4.3.11-ci bəndində qeyd edilmiş qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı investisiyaları ilə bağlı əldə etdikləri gəlirlər və başqa məbləğlər, o cümlədən kompensasiyalar və zərərin ödənilməsi ilə bağlı köçürmələr cümləsi ilə əlaqədar olub. Belə ki, təklifdə sual olunub ki, “başqa məbləğlər” dedikdə nə nəzərdə tutulur?  Qaydalarda  “başqa məbləğlər”in  daha detallı yazılması və sadalanması, habelə  bu zaman köçürməni aparmaq üçün hansı “Təsdiqedici sənədlər”in tələb olunacağının qeyd olunması təklif olunub.

Qaydaların  4.3.7-ci bəndində bu məsələyə qismən aşağıdakı əlavələrlə aydınlıq gətirilib və 4.3.7.3 bəndi əlavə edilib:

Rezidentlər  və qeyri-rezidentlər tərəfindən özlərinin və ya digər fiziki şəxsin (şəxslərin) təhsil və müalicə haqlarının ödənilməsi (təhsil haqlarının ödənilməsi zamanı təhsil müəssisəsinin ödənişin təyinatını, məbləğini və  bank hesabının nömrəsini təsdiqləyən məktubu hesab-fakturanı əvəz edə bilər).

Bu bəndin mahiyyəti odur ki, əgər hər hansı vətəndaş xaricə təhsil almağa gedərsə, bu zaman o banka təhsil aldığı təhsil müəssisəsinin möhürlü məktubunu təsdiqedici sənəd kimi təqdim edə bilər. ABA tərəfindən təklif verilməmişdən əvvəl 4.3.7-ci bənddə qeyd edilirdi ki, rezidentlər və qeyri-rezidentlər tərəfindən aparılan köçürmələr zamanı təsdiqedici sənəd kimi tərəflər arasında bağlanmış müqavilə, ödənişin təyinatını və məbləğini təsdiqləyən hesab-faktura və ya elektron kommersiya bildirişi təqdim edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır