Rezident və qeyri-rezidentlərlə xarici valyuta əməliyyatlarının aparılması qaydası müzakirə edilib

Noyabrın 2-də Azərbaycan Mərkəzi Bankında (AMB) rezident və qeyri-rezidentlərlə xarici valyuta əməliyyatlarının  aparılması ilə əlaqədar bankların təkliflərinin müzakirəsi məqsədilə görüş keçirilib.

Görüşdə Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun sədri Zakir Kazımov, Mərkəzi Bankın Hüquq Departamentinin direktoru Rəna Məlikova, həmçinin, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Paşa Bank” ASC, “Kapital Bank” ASC, “Nikoyl Bank” İKB ASC, “Bank VTB (Azərbaycan)” ASC, “TuranBank ASC”, “Silk Vey Bank ASC”-nin nümayəndələri iştirak edib.

Görüş zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 noyabr 2016-cı il tarixli Qərarı ilə qəbul edilmiş “Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” ilə əlaqədar ABA üzv təşkilatlardan daxil olmuş yazılı və şifahi müraciətlər əsasında qeyd olunan Qaydalara dair təkliflər, eyni zamanda müvafiq suallar müzakirə olunub.

Qaydalara dair təkliflər avans ödənişlərinin göndərilməsi prosesinin ayda bir dəfə olması, hüquqi şirkətlərin xarici banklardakı öz hesablarına sərbəst olaraq pul köçürülməsi, “vasitəçilik” müqaviləsi əsasında xaricə ödəniş etməyin mümkünlüyü və digər məsələlərlə bağlı olub.

Qeyd olunub ki, qaydalara dair təkliflərlə bağlı Maliyyə Sabitliyi Şurasına müraciət edilib. Şuranın qərarından sonra məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır