Rusiya Azərbaycan iqtisadiyyatına 3,7 mlrd dollar həcmində investisiya yatırıb

Dekabrın 25-də İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının İqtisadi inkişaf naziri Maksim Oreşkin ilə görüşüb.

Belə ki , görüşdə nazir Şahin Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğunu və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların mühüm əhəmiyyətini vurğulayıb.

Azərbaycan və Rusiya arasında mövcud iqtisadi əlaqələr barədə danışan nazir Şahin Mustafayev qeyd edib ki, Rusiya əsas ticarət tərəfdaşlarımızdandır və 2017-ci il ərzində də ölkələr arasında ticarət əlaqələri dinamik olaraq artıb. Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir.

Bildirilib ki, Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan Rusiya iqtisadiyyatına 1 mlrd. ABŞ dolları, Rusiya isə Azərbaycan iqtisadiyyatına 3,7 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb.

Rusiya Federasiyasının İqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycan və Rusiya arasında əməkdaşlığın inkişaf etdiyini, mövcud imkanlardan səmərəli istifadənin ticarət-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd edib, əməkdaşlıq imkanlarına dair fikirlərini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır