Ötən il Rusiya Federasiyasından ölkəmizə ixrac edilən məhsul həcmində 12.5%-lik artım müşahidə olunub. Bu barədə Rusiya İxrac Mərkəzinə (РЭЦ) istinadən Rusiyanın Dövlət İnformasiya Agentliyi (ТАСС) məlumat yayıb.
Məlumata əsasən, 2018-ci ildə Rusiyadan ölkəmizə ixrac olunan məhsulların ümumi dəyəri 1.7 milyard dollar təşkil edib. Ümumilikdə isə, ölkələrarası əmtəə dövriyyəsi 13.8% artaraq 2.4 milyard dollara çatıb.
Ötən il ölkələrarası məhsul dövriyyəsi əsasən kənd təsərrüfatı xammalından ibarət olub. Belə ki, Rusiyadan ölkəmizə 422.1 milyon dollarlıq kənd təsərrüfatı xammalı daxil olub, eləcə də Azərbaycandan Rusiyaya 526.1 milyon dollarlıq ixrac həyata keçirilib.