Dekabrın 6-da Şəmkirdə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin və sahibkarların iştirakı ilə “Regionların inkişafı və ixrac sahəsində yaranmış yeni imkanlar” mövzusunda Konfrans keçirilib.
Tədbirdə qeyd edilib ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin sayının azaldılması, sahibkarlara investisiya təşviqi sənədinin verilməsi, sahibkarların hüquqlarının daha da gücləndirilməsi ilə bağlı Apelyasiya Şuralarının yaradılması, yerli istehsalın dəstəklənməsi və ixracın təşviqi üçün tədbirlərin həyata keçirilməsi, regionlarda ailə təsərrüfatlarına dəstək məqsədi ilə “ABAD” mərkəzlərinin yaradılması ilə bağlı mühüm qərarlar qəbul edilib. İxracın stimullaşdırılması dövlət başçısının həyata keçirdiyi iqtisadi strategiyanın mühüm istiqamətlərindəndir və bu sahədə imzalanmış fərman və sərəncamlar qeyri-neft sektorunun inkişafına dəstək olmaqla, ixracın genişləndirilməsində əhəmiyyətlidir. Diqqətə çatdırılıb ki, bu gün keçirilən tədbir çərçivəsində nümayiş olunan rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi ilə təşviqi istiqamətində İqtisadiyyat Nazirliyi və AZPROMO tərəfindən kompleks tədbirlər görülür.