Cari ilin yanvar-avqust aylarında sənaye istehsalı artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-avqust aylarında 31,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,8 faiz, neft sektorunda isə 0,6 faiz artıb.

BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 73,0 faizi mədənçıxarma sektorunda, 22,3 faizi emal sektorunda, 4,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 0,9 faiz, əmtəəlik qaz hasilatı isə 0,5 faiz artıb.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 32,0 dəfə, elektrik avadanlıqlarının istehsalı 3,0 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,8 dəfə, tütün məmulatlarının istehsalı 2,6 dəfə, mebel istehsalı 2,1 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 63,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 54,0 faiz, tikinti materiallarının istehsalı 31,7 faiz, əczaçılıq məhsullarının istehsalı 20,2 faiz, hazır metal məmulatlarının istehsalı 18,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 13,4 faiz, içkilərin istehsalı 9,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 1,0 faiz, geyim istehsalı 0,5 faiz artmış, qida məhsullarının istehsalı 1,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri, kompüter, elektron və optik məhsulların, rezin və plastik kütlə məmulatlarının hər birinin istehsalı 9,6 faiz, maşın və avadanlıqların istehsalı 16,0 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 61,7 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,4 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır