Azərbaycanda 2014-2017-ci illərdə sənaye müəssisələrinin və fərdi sahibkarların fəaliyyəti nəticəsində sənaye məhsulu istehsalı hər il orta hesabla 7,1 % artaraq 508,8 milyard manat təşkil edib.
BBN.az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.
Tahir Budaqov həmin illər ərzində ölkədə qaz kondensatı da daxil edilməklə 554,4 milyon ton xam neft, 308,5 milyard kub-metr təbii qaz hasil edildiyini, 16,5 milyon ton avtomobil benzini, 32,8 milyon ton dizel yanacağı, 8,8 milyon ton ağ neft istehsal olunduğunu açıqlayıb. Həmçinin 2003-cü illə müqayisədə neftin hasilatı 2,5 dəfə, təbii qazın hasilatı isə 5,6 dəfə artığını da qeyd edib.
“2017-ci ilin sentyabrın 14-də dünyanın aparıcı neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni Saziş imzalanıb, bununla da ölkəmizdə yeni neft strategiyasının icrasına başlanılıb”,- deyə Tahir Budaqov əlavə edib.