Dekabrın 28-də İqtisadiyyat Nazirliyinin dəstəyi, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun və “ATEF” Şirkətlər Qrupunun təşkilatçılığı ilə “Qənaətli istehsal üsullarına əsaslanan model müəssisə” mövzusunda Konfrans keçirilib.
Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsində müəyyən edilmiş tədbirlərin icrasına həsr olunan Konfransda sahibkarlar və mütəxəssislər iştirak edib.
Tədbirdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu sənayeləşmə siyasəti nəticəsində son illərdə müasir texnologiyalara əsaslanan sənaye müəssisələrinin fəaliyyətə başladığını və ixrac potensialının yüksəldiyini qeyd edib. Bildirilib ki, bu sahədə müvafiq tədqiqatlar aparılır, “Qənaətli istehsal metodlarını tətbiq etməklə model müəssisənin yaradılması” metodologiyası hazırlanıb və sənayeyönümlü müəssisələrdə sorğu aparılıb. Tədbirdə bu sorğuların nəticəsinə əsasən, energetika sənayesinin dəstəklənməsi üzrə müasir texnologiya və qənaətli istehsal metodlarının tətbiqi ilə fərqlənən “ATEF” Şirkətlər Qrupunun model müəssisə olduğu elan edilib.
Konfransda “ATEF” Şirkətlər Qrupunun İdarə Heyətinin sədr müavini Nadir Kərimov iştirakçılara şirkətin fəaliyyəti, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev qənaətli istehsal üsulları, İnstitutun direktor müavini Arzu Hüseynova qənaətli model müəssisə, İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdir müavini Fikrət Qurbanov model müəssisənin stimullaşdırılması mövzularında təqdimatlarla çıxış ediblər.