İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Sənaye parkları və sənaye məhəllələrinin fəaliyyəti, monitorinqi və qiymətləndirilməsi” mövzusunda treninq keçirilib. Treninq Dünya Bankının Baş mütəxəssisi Melissa Rekas və İİTKM-in Konsaltinq və Treninq koordinatoru Kamil Ələsgərov tərəfindən aparılıb.
Dünya Bankının eksperti, sənaye parkları və sənaye məhəllələrinin mövcudluğunun qeyri neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli məhsulların istehsalının artırılması, məşğulluğun təmini kimi mühüm məsələlərin inkişafını stimullaşdıracağını qeyd edib. O bildirib ki, Sənaye parkları və məhəllələrinin yaradılması ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini nəzərdə tutan siyasətin bir hissəsidir. Tədbirdə sənaye parkının rezidentlərinin fəaliyyətləri haqqında hesabat-statistik məlumatların alınması, onların fəaliyyətinin monitorinqinin həyata keçirilməsi sahəsində mövcud olan qanunvericilik qaydaları haqqında da danışılıb, dünya təcrübəsi ilə müqayisəli təhlili aparılıb.
Xarici ölkələrin bu sahədəki təcrübəsinin ölkəmizə müsbət töhfə verməsi məqsədi ilə təşkil edilmiş bu təlimdə Azərbaycanda mövcud olan sənaye parklarının, aqroparkların, habelə nazirliklərin nümayəndələri iştirak edib.
Ekspertlər iştirakçıların suallarını cavablandıraraq, onları maraqlandıran mövzular üzrə geniş müzakirələr aparıblar. Tədbirin sonunda treninq iştirakçılarına sertifikatlar təqdim olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi haqqında
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.