Səyyar ASAN xidmət Şirvan və Xırdalanda vətəndaşlara xidmət göstərəcək

Səyyar ASAN xidmət 25 sentyabr – 24 oktyabr tarixlərində Şirvan və Xırdalan şəhərlərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Bundan başqa səyyar avtobuslar isə 6 sentyabr – 5 oktyabr Şamaxı, Lənkəran, Quba, Mingəçevir, Dəliməmmədli şəhərlərində, 12 – 26 sentyabr Xəzər rayonunun Binə qəsəbəsində, 19 sentyabr – 5 oktyabr Goranboy şəhərində vətəndaşların xidmətində olacaq.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Belə ki, göstəriləcək xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi,  ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi daxildir.

Vətəndaşlar həmçinin mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların , daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların və fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi xidmətlərindən yararlana biləcəklər.

Qeyd edək ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır