Saatlı rayonunda sahibkarlara güzəştli kreditlər verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi məqsədilə  avqustun 4-də Saatlı rayonunun Qıraqlı kəndində işgüzar forum keçirib.

Forum çərçivəsində Fond tərəfindən Saatlı rayonunun iqtisadi potensialına uyğun olaraq, əkinçilik, intensiv bağçılıq, istixana, cins heyvandarlıq təsərrüfatlarının, süd emalı və çörək istehsalı müəssisələrinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

Həmçinin, forum zamanı müvəkkil kredit təşkilatları vasitəsilə Saatlı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 446 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, pambıqçılıq, taxılçılıq sahələrinin inkişafına yönəldiləcək.

Qeyd edək ki, bu layihələrin reallaşdırılması 50-yə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, bu tədbirdə verilən kreditlər də daxil olmaqla, Saatlı rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 639 investisiya layihəsinin maliyyələşdirilməsinə 24.2 milyon manat güzəştli kredit verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır