Şahdəniz 2 platformalarının ikinci üst tikililəri dənizdə quraşdırılıb

Şahdəniz Mərhələ 2 layihəsi üçün inşa olunan ikinci üst tikililər, yəni Hasilat və Dikborular (HDB) platformasının üst tikililəri dənizə yola salınaraq, dənizdə öz yerinə quraşdırılıb.

Bundan əvvəl isə, iyun ayının əvvəllərində Yaşayış Blokları və Texnoloji Təchizat (YBTT) platformasının üst tikililəri təhlükəsiz qaydada və müvəffəqiyyətlə dənizə yola salınaraq öz yerinə quraşdırılmışdı.

Üst tikililərinin vahid bir konstruksiya kimi daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri diqqətlə planlaşdırılıb və 6 gün ərzində tamamlanıb. Üst tikililər suyun 94 metr dərinliyində artıq öz yerində olan HDB dayaq blokunun üzərinə quraşdırılıb.

HDB platformasının üst tikililərinin çəkisi təxminən 15800 ton təşkil edir və onun uzunluğu 100 metr, eni isə 60 metrdir. Bu konstruksiya 133 metr uzunluğunda olan məşəl oxundan, 10 axın xətti qəbuletmə qurğusundan, beş hasilat separatorundan, iki buxarlanan qazlar kompressorundan və üç hasilatın ixracı xəttindən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır