Sentyabrın 29-30-da Bakı Biznes Tədris Mərkəzində “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində sahibkarlar və gənc menecerlər üçün beynəlxalq seminar keçirilib.
İxtisasartırma kurslarının səmərəliliyinin qiymətləndirilməsinə həsr edilmiş tədbirdə İqtisadiyyat Nazirliyinin, Almaniyanın ölkəmizdəki Səfirliyinin, Almaniya Sənaye və Ticarət Palatasının Azərbaycan nümayəndəliyinin, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və müvafiq tədris mərkəzlərinin nümayəndələri, eləcə də 2016-cı ildə Almaniyada “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursu keçmiş 40-dan çox sahibkar və gənc menecer iştirak edib.
Seminarda “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” barədə məlumat verilib.
Proqramın icra olunduğu 9 il ərzində Azərbaycandan olan 320 sahibkar və gənc menecer Almaniyanın Karl Dyusberq, Baden-Vüttenberq və digər tədris mərkəzlərində ixtisasartırma kursu keçib, Berlin, Bonn, Hamburq və s. şəhərlərindəki müəssisələrdə qabaqcıl təcrübə ilə tanış olub, Almaniya şirkətləri ilə işgüzar əlaqələr yaradılıb.
Qeyd edək ki, 16 sahibkar və gənc menecerdən ibarət növbəti qrup Almaniyanın Drezden şəhərində bu ilin 13 noyabr – 8 dekabr tarixlərində tədris və təcrübə keçəcək. Sentyabrın 28-29-da Bakı Biznes Tədris Mərkəzində onlar üçün hazırlıq seminarı keçirilib.