Aprelin 23-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Xaçmaz şəhərində yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində 300-dən çox sahibkarın iştirakı ilə “Sahibkarların sosial məsuliyyəti və kiçik biznesin inkişafında rolu” mövzusunda konfrans keçirilib.
Konfransda çıxış edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov bildirib ki, iri şirkətlərin kiçik biznesə, ailə biznesinə dəstək göstərməsi çərçivəsində Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində “Gazelli Group” MMC-nin və Bakı Tekstil Fabrikinin regional təlim-tədris mərkəzləri yaradılıb. Bu mərkəzlərdə gənclər ödənişsiz əsaslarla təlim kursları keçəcək, müxtəlif peşələrə yiyələnəcəklər. Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorunda isə bu gənclərə biznesin təşkili, marketinq və s. üzrə məsləhət xidmətləri göstəriləcək.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının müavini Samir Nemətov rayonda reallaşdırılan layihələr barədə məlumat verib, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun və təlim-tədris mərkəzlərinin regionda sahibkarlığın, eləcə də innovativ və perspektivli biznes sahələrinin inkişafına töhfə verəcəyini qeyd edib, məşğulluğun artırılmasında əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, “Gazelli Group” MMC-nin və Bakı Tekstil Fabrikinin nümayəndələri çıxışlarında sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsində biznes inkubatorların rolu, əhalinin sosial cəhətdən həssas qruplarının özünüməşğulluq proqramında iştirakının təmin edilməsi, qadın sahibkarlığın inkişafı sahəsində yaradılmış imkanlar, iri şirkətlərin sosial məsuliyyəti barədə danışıblar.