Sahibkarlar üçün iqtisadi islahatları barədə seminarlar keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) sahibkarların ölkədə uğurla həyata keçirilən islahatlar barədə məlumatlandırılması üçün son bir həftə ərzində 10-a qədər seminar keçirilib.

Bu barədə İİTKM-in PR meneceri Zənurə Talıbova məlumat verib. Seminarlarda vahid on-line ixrac ərizəsi, gömrükdə yaşıl dəhliz, elektron məhkəmənin iqtisadi mühitin yaxşılaşdırılmasında töhfəsi, kredit büroları, daşınar əmlakın yüklülüyü, daşınmaz əmlakın qeydiyyatı, tikintiyə icazələrin alınması, elektrik şəbəkəsinə qoşulma və s. mövzularda müzakirələr təşkil olunub. Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azexport.az və digər dövlət qurumlarının nümayəndələri sahibkarlar qarşısında təqdimatlar edərək, aparılan islahatları izah ediblər.

Seminarlarda yüzlərlə Azərbaycan sahibkarı iştirak edib və iqtisadi islahatlarla bağlı suallarına cavab alıblar. Tədbirlər zamanı qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyilə aparılan iqtisadi islahatları nəticəsində Azərbaycan hazırda Avropa və Mərkəzi Asiyada ən islahatçı ölkə kimi qiymətləndirilir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həmçinin islahatların daha praktik izah edilməsi üçün sahibkarların müxtəlif dövlət qurumlarına məlumat turlarını təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır