Sahibkarlığa Kömək Milli Fondu aprelin 20-də Tovuz rayonunun Düz Qırıqlı kəndində növbəti işgüzar forumunu keçirib. Forumda 90-a yaxın sahibkar iştirak edib.İşgüzar forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Tovuz rayonunun iqtisadi potensialına uyğun olaraq, iri fermer, cins heyvandarlıq, kartofçuluq, istixana və intensiv üzümçülük təsərrüfatlarının, süd emalı və meyvəqurutma müəssisələrinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.
Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Tovuz və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 309 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, üzümçülük, tərəvəzçilik sahələrinin inkişafına yönəldiləcək. Ümumilikdə isə, indiyədək Tovuz rayonundan olan 556 sahibkara 18,2 milyon manat güzəştli kredit verilib.
Qeyd edək ki, bu günədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 6200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 232,4 milyon manat güzəştli kredit ayrılıb.