Hacıqabulda sahibkarlara güzəştli kreditlər verilib

Aprelin 20-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlıq subyektlərinin maarifləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsi istiqamətində Hacıqabul rayonunun Navahı qəsəbəsində tədbir keçirilib.

BBN.az xəbər verir ki, 100-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forumda sahibkarlara güzəştli kreditlərin verilməsi mexanizmi barədə məlumat verilib, Hacıqabul Sənaye Məhəlləsində sənaye məhsullarının istehsalı və emalı ilə bağlı hazırlanan kompozit və plastik qablaşdırma materiallarının istehsalı məssisələrinin, həmçinin rayonda prioritet hesab edilən quru meyvə istehsalı müəssisəsinin, müasir cins heyvandarlıq və taxıl anbarı kompleksi, intensiv bağçılıq, pambıqçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin ümumi dəyəri 362 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 52,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5550-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Qeyd edilib ki, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan istifadə etməklə sənaye sahələrinin inkişafı, məşğulluqda sənayenin payının artırılması baxımından sənaye məhəllələrinin yaradılması böyük əhəmiyyət kəsb edir. Şirzad Abdullayev Hacıqabul Sənaye Məhəlləsində fəaliyyət göstərəcək sahibkarları İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilə fəal əməkdaşlığa və güzəştli kreditlərdən yararlanmağa dəvət edib.

İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 434 min manatdan çox güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, pambıqçılıq, bağçılıq, meyvəqurutma müəssisəsinin yaradılması sahələrinin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 40-dan çox yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 13700-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 568,5 milyon manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində Hacıqabulda dövlətin güzəştli krediti ayrılan müasir heyvandarlıq, əkinçilik və istixana komplekslərinə baxış keçirilib.

Qeyd edək ki, son illər ümumi dəyəri 476 milyon manat, ildə 100 min ton tərəvəz məhsulları istehsal etmək gücündə olan 62 müasir istixana kompleksinin yaradılmasına 203,6 milyon manat güzəştli kredit verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır