Dövlət Gömrük Komitəsinin əməkdaşları sahibkarlara təlim keçib

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən  “Xarici ticarətin təşviqi: gömrük tənzimlənməsi” mövzusunda təlim keçirilib.

BBN.az xəbər verir ki, təlim Dövlət Gömrük Komitəsinin gömrük tarif tənzimləmə şöbəsinin rəisi Əzizaga Hüseynov, Gömrük nəzarətinin təşkili baş idarəsinin ticarət dövriyyəsində yüklərə nəzarət şöbəsinin baş inspektorları Fərid Vəliyev  və Cəfər Quluzadə, həmçinin qeyri-ticarət dövriyyəsində gömrük nəzarətinin təşkil şöbəsinin inspektoru Üzel Gülmalıyev tərəfindən aparılıb.

Təlimdə  qeyd olunub ki, gömrük prosedurlarının avtomatlaşdırılması və elektron gömrük xidmətinin tətbiqi beynəlxalq ticarətin asanlaşdırılmasına, tranzit yüklərin daşınmasının sürətləndirilməsinə, subyektiv amillərin ləğv olunmasına, gömrük xidmətində operativliyin və şəffaflığın artırılmasına səbəb olub.

“Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamına uyğun olaraq “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları” təsdiq edilib.

“Yaşıl dəhliz” – əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük sərhəd buraxılış məntəqələrində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi vasitəsilə malların və nəqliyyat vasitələrinin fiziki yoxlanması aparılmadan gömrük proseduruna uyğun gömrük ərazisinə buraxılışını nəzərdə tutan buraxılış sistemidir.

Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin ticarət dövriyyəsində yüklərə nəzarət şöbəsinin baş inspektorları Fərid Vəliyev  bildirib ki, bu günədək “Yaşıl dəhliz” statusu almış şirkətlərin sayı 50-ni ötüb.

Qeyd olunub ki,  ölkədə dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşımaların asanlaşdırması və tranzit yüklərlə bağlı vahid tarif siyasəti istiqamətində atılan vacib addımlardan biri də 2015-ci ildə  Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılmasıdır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən Azərbaycanın tranzit potensialının artırılması məqsədilə gömrük prosedurlarının sürətləndirilməsi istiqamətində görülən işlər təlim iştirakçılarının diqqətinə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır