İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi məqəsdilə avqustun 31-də Tərtər rayonunda işgüzar forum keçirib.
Tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Tərtər rayonunun iqtisadi potensialına uyğun olaraq, intensiv bağçılıq, üzümçülük, cins heyvandarlıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin və 3 ulduzlu otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.
İşgüzar forumda müvəkkil kredit təşkilatları vasitəsilə Tərtər və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 492 min manatadək güzəştli kredit verilib. Verilən kreditlər
əsasən pambıqçılıq, heyvandarlıq və əkinçilik sahələrinin inkişafına yönəldiləcək.
Həmçinin, indiyədək Tərtər rayonundan olan 264 sahibkara 5,1 milyon manat güzəştli kredit verilib ki, bu kreditlər 500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Qeyd edək ki, investisiya layihələrinin reallaşdırılması 40-dan çox yeni iş yerinin yaradılmasına imkan verir.