Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva vergi ödəyicilərinin suallarına cavab verib.
– Sahibkarlıq fəaliyyəti ilə bağlı bank hesabına daxil olan pul vəsaitlərinin nağdsız qaydada sərf edildiyi halda 1 faiz dərəcə ilə vergi tutulmalıdırmı?
Vergi Məcəlləsinin 150.1.12-ci maddəsində qeyd edilib ki, hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar , xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru ödəmə mənbəyində vergini tutmağa borcludurlar.
Vergi Məcəlləsinin 220.12-ci maddəsinin müddəalarına əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən bank hesablarında olan pul vəsaitlərinin nağdlaşdırılmasın agörə, yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən sadələşdirilmiş qaydada 1 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulur.
Onun sözlərinə görə, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən bank hesablarında olan pul vəsaitləri nağdsız qaydada istifadə olunduğu halda, aparılan əməliyyat Vergi Məcəlləsinin 220.12-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergiyə cəlb edilmir.