Sahil Babayev Şirvan şəhərində sakinlərlə görüşüb

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şirvan şəhərində bu şəhərin və Sabirabad, Saatlı, Hacıqabul rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

BBN.az xəbər verir ki,qəbula gələn vətəndaşlar sosial təminat növlərinə hüququn müəyyən olunması, məşğulluğun təminatı, özünüməşğulluq proqramına və peşə hazırlığına cəlb olunmaq, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı, əlilliyin təyinatı, bərpa müalicəsi xidmətləri və reabilitasiya vasitələri ilə təmin edilmə, sosial sığorta münasibətləri və s. məsələlərlə bağlı müraciət ediblər.

S.Babayev müraciətlərdə ifadə olunan ayrı-ayrı məsələlərin qısa müddətdə araşdırılması və nəticəsinə uyğun şəkildə tədbirlər görülməsi barədə aidiyyəti üzrə nazirliyin rəhbər vəzifəli şəxslərinə tapşırıqlar verib.

Nazirin tapşırığına uyğun olaraq, bir sıra şəxslərə müraciətlərinə əsasən ərazidəki vakant iş yerlərinə göndərişlər verilib, əlilliyi olan şəxslər bərpa müalicəsi xidmətləri və reabilitasiya vasitələri ilə təmin edilmək üçün qeydiyyata alınıb. Bir nəfər isə müraciəti əsasında əlil arabası ilə təmin olunub.

Nazir həmçinin qəbula gələn aztəminatlı ailələrin nümayəndələrinin müraciəti nəzərə alınmaqla, onların kiçik ailə təsərrüfatlarını qurmaları üçün özünüməşğulluq proqramına cəlb edilməsi ilə bağlı tapşırıb verib.

S.Babayev aztəminatlı ailələrin özünüməşğulluq proqramına cəlb olunması işlərinin gücləndirildiyini, cari ildə proqramın əhatə edəcəyi şəxslərin sayının 7 minə çatdırılmasının nəzərdə tutulduğunu vurğulayıb. O bildirib ki, Şirvan şəhəri, Sabirabad, Saatlı, Hacıqabul rayonları üzrə 48 şəxs özünüməşğulluq proqramı çərçivəsində müxtəlif iqtisadi fəaliyyət növləri üzrə öz ailə təsərrüfatlarını yaradaraq kiçik biznesə çıxış imkanı qazanıb. Cari ildə isə onların sayının 5 dəfədən çox olması, yəni bu 4 şəhər və rayon üzrə 250 ailənin həmin proqramda iştirakı planlaşdırılıb.

Nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır