Şahin Mustafayev Əfqanıstanın maliyyə nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Noyabrın 7-də iqtisadiyyat naziri Şahin Mustafayev Əfqanıstanın maliyyə naziri Eklil Əhməd Hakiminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Belə ki, “Azəravtoyol”, “Ərzaq məhsullarının tədarükü və təchizatı” səhmdar cəmiyyətlərinın, Azərbaycanın ixrac assosiasiyaları rəhbərlərinin, 25 iri yerli şirkətin nümayəndəsinin iştirak etdiyi görüşdə nazir Şahin Mustafayev Azərbaycan-Əfqanıstan əlaqələrinin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycanın Əfqanıstanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edən iqtisadiyyat naziri beynəlxalq platformada Əfqanıstanın ölkəmizi dəstəklədiyini vurğulayıb. Hazırda Azərbaycan və Əfqanıstan arasında müxtəlif sahələrdə əlaqələr genişlənir. Azərbaycan humanitar, hərbi təhsil və tibbi təlimlər, minalardan təmizləmə, mülki treninqlər sahələrində Əfqanıstana dəstək göstərir.

Əfqanıstanın maliyyə naziri Eklil Əhməd Hakimi səmimi qəbul üçün təşəkkürünü bildirib, ölkəmizin sürətli inkişafından məmnunluğunu ifadə edib. Azərbaycan hökumətinin Əfqanıstana göstərdiyi dəstək və yardımlara görə minnətdarlığını bildirən Eklil Əhməd Hakimi ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu və iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bildirib, Əfqanıstanın Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq göstərdiyini vurğulayıb.

Qeyd olunub ki, müxtəlif sahələrdə, eləcə də iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün hüquqi sənədlərin və müvafiq yol xəritələrinin hazırlanması vacibdir.
Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri təmsil etdikləri qurumların fəaliyyəti, istehsal etdikləri məhsullar və göstərdikləri xidmətlər barədə məlumat verib, Əfqanıstana ixrac imkanlarını diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır