Şamaxı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA) tərəfindən Şamaxıda “Praktiki mühəndislik və liderlik” təlimləri təşkil edilib. Şamaxı İncəsənət Təhsili Mərkəzində keçirilən təqdimat mərasimində rayon təhsil müəssisələrinin tələbə, şagird və müəllim heyəti iştirak edib.
Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov bildirib ki, “Robopark” layihəsi çərçivəsində indiyədək Bakı şəhərində tədbirlər keçirilib, regionlarda isə ilk dəfə olaraq Şamaxı şəhərində belə bir təlim təşkil olunur.
BMT-nin İnkişaf Proqramının layihə meneceri Vasif Məmmədov gənclərin müasir texnologiya sahəsində əldə etdiyi biliklərin onların gələcək hazırlığında mühüm rol oynayacağını qeyd edib.
Müvafiq təlimlər çərçivəsində robotexnika, dron texnologiyaları, mürəkkəb kodlaşdırma, informatika və proqramlaşdırma sahəsində məşğələlərin təşkil olunması nəzərdə tutulub.
Tədbirdə təqdimatla çıxış edən Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının mütəxəssisləri akademiya tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat veriblər. Bildirilib ki, məşğələlər, əsasən, 8-16 yaş aralığında uşaqları əhatə edəcək.
Məlumat verilib ki, 4 ay ərzində davam edəcək “Mən Pilotam” təlimi (dronların öyrənilməsi, yığılması, test edilməsi) isə 8-12 yaş məktəblilərə dron texnologiyalarını öyrənmək və əyləncəli vaxt keçirmək imkanı yaradacaq.
Seminar çərçivəsində təlimçilər tərəfindən “Yapon mühəndisliyi”, “Dronlar” və “AREAduino” ilə bağlı müxtəlif maraqlı təqdimatlar da keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin Şamaxı filialında “Proqramlaşdırma və Kodlaşdırma” mövzusunda distant təlim təşkil olunub. Diqqətə çatdırılıb ki, bu seminarlarda davamlı olaraq iştirak edən tələbələr, müəyyən biliklər əldə etdikdən sonra öz rayonlarında azyaşlı uşaqlara yuxarıda qeyd edilən istiqamətlər üzrə təlimlər keçmək imkanı əldə edəcəklər və gələcəkdə müvafiq tədbirlərdə fəal iştirak edəcəklər.