“Sberbank” müştəriləri üçün biometrik ödəməni mümkün edəcək

Rusiyanın ən böyük banklarından olan “Sberbank” “Azbuka Vkusa” supermarketlər şəbəkəsi ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Bu tərəfdaşlıq çərçivəsində bankın müştəriləri alış-verişləri üçün ödəmələri barmaq izi vasitəsilə həyata keçirə biləcəklər.

Belə ki, artıq müştərilər “Sberbank”-ın filiallarında biometrik informasiyalarını kartları ilə uyğunlaşdıra biləcəklər və bu qeydiyyat prosesi bitdikdən sonra, sözügedən şəbəkənin Moskva şəhərində yerləşən 20 supermarketindən kartsız alış-veriş edə biləcəklər. Bunun üçün sadəcə müştərinin barmağını POS terminala yaxınlaşdırıb daha sonra ekranda PIN kodunu daxil etməsi kifayət edəcək.

“Sberbank”-ın bu layihə çərçivəsində əməkdaşlıq etdiyi müəssisələrin sayını artıracağı proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır