Bu gün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata), İsveçrənin İqtisadi Məsələlər üzrə Katibliyi (SECO) və Dünya Bankı Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsinin ikinci fazasının (FSMP2) rəsmi təqdimatını həyata keçirib. Layihənin məqsədi hüquqi və tənzimləyici bazanın genişləndirilməsi, Palatanın nəzarət potensialının gücləndirilməsi və əmanətçilər və maliyyə xidməti istehlakçılarının maraqlarını qorumaq məqsədilə maliyyə təhlükəsizliyinin gücləndirilməsi vasitəsilə Azərbaycanın maliyyə sektorunu stabilləşdirmək və inkişafına dəstək verməkdən ibarətdir.
“Azərbaycan hazırda tənzimləyici baza və institutlarını gücləndirməklə maliyyə sektorunun transformasiyası məqsədilə hərtərəfli islahatları həyata keçirməkdədir. SECO və Dünya Bankı ilə davamlı əməkdaşlıq bizə qabaqcıl beynəlxalq təcrübə və ekspertizadan faydalanmaq imkanı verəcək” – Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.
FSMP2 maliyyə sektorunun potensialının artırılması və iqtisadi artımın dəstəklənməsi məqsədilə kreditləşmənin yenidən həyata keçirilməsi üçün Azərbaycanın maliyyə sektorunda bir sıra prioritet sahələri, o cümlədən hüquqi və tənzimləyici bazada islahatlar, maliyyə bazarlarına nəzarət qurumu olan Palatanın potensialının gücləndirilməsi, bank sektorunun stabilləşdirilməsi, əmanətlərin sığortalanması bazasının gücləndirilməsi, maliyyə istehlakçılarının müdafiəsinin gücləndirilməsi və problemli kreditlərin restrukturizasiyasının dəstəklənməsini əhatə edəcək.
“İsveçrə hökuməti Azərbaycanı iddialı iqtisadi, maliyyə və sosial islahatların həyata keçirilməsində dəstəkləməyi davam etdirmək əzmindədir” – İsveçrənin cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin regional direktor müavini Simon Haberli belə davam etmişdir “maliyyə sektorunun davamlı müasirləşdirilməsi və inkişafı, o cümlədən əsas maliyyə infrastrukturu iqtisadi artım və Azərbaycan əhalisinin daha güclü sosial və maliyyə müdafiəsinin təmin olunması üçün vacibdir”.
FMSP2 İsveçrə Hökumətindən ayrılmış 3 milyon dollar məbləğində qrant hesabına Dünya Bankı tərəfindən 2017-2020-ci illər ərzində icra ediləcəkdir.