Cari ilin yanvar-oktyabr ayları ərzində ölkənin 25 sığortaçısı tərəfindən 420 milyon manat həcmində sığorta haqqı toplanmışdır. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 41 milyon manat və ya 11 % çoxdur.
Bu dövr ərzində sığortaçıların həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə 191 milyon manat təşkil etmişdir ki, bu da ötən ilə nisbətdə 36% çoxdur.
Könüllü və icbari sığorta növləri üzrə həmçinin müsbət dinamika müşahidə olunmuşdur. Belə ki, cari ilin 10 ayı ərzində könüllü sığorta növləri üzrə haqlar 15%, ödənişlər isə 38% artmışdır. İcbari sığorta növləri üzrə haqlar 4%, ödənişlər isə 30% artaraq müvafiq olaraq 148 və 47 milyon manat təşkil etmişdir.
Sığorta şirkətləri və sığorta sinifləri üzrə 2016-cı ilin yanvar-oktyabr ayları ərzində hesablanmış sığorta haqları və verilmiş sığorta ödənişləri üzrə ətraflı məlumatlar aşağıdakı cədvəllərdə öz əksini tapmışdır.