Ölkədə 2006-cı ildən sığorta-pensiya sisteminin əsası olan fərdi uçot sistemi fəaliyyət göstərməkdədir. “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”na uyğun olaraq sığortaedən hər il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödədiyi məcburi dövlət sosial sığorta haqqı məbləğlərini əks etdirən “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ları (2006-2016-cı illər üzrə), həmçinin 1 aprel 2017-ci il tarixdən tətbiq olunmuş fərdi uçot əsaslı vahid rüblük hesabatlarını təqdim edərkən ödənilmiş vəsaitin işçiləri arasında konkret adlı siyahı üzrə düzgün bölgüsünü aparmağa da borcludur.
“Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqları əsasında pensiya məbləğləri müəyyənləşdirilir. Lakin Dövlət Sosial Müdafiə Fondu tərəfindən qanunamüvafiq tədbirlərin görülməsinə baxmayaraq bugünədək bəzi sığortaedənlər tərəfindən hesabatlar tam təqdim olunmayıb. Bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə fərdi şəxsi hesablarda məbləğləri tam əks olunmayan sığortaolunanlar tərəfindən haqlı şikayətlər daxil olur.
Hesabatların vaxtında, düzgün və tam təqdim olunması üçün sığortaedənlər tərəfindən lazımi işlərin həyata keçirilməsi zəruridir.
Qeyd olunan nöqsanların qısa müddətdə aradan qaldırılmayacağı təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 477-ci maddəsinə müvafiq olaraq cərimə tətbiq olunacaqdır. Ətraflı məlumat üçün sığortaedənlər uçotda olduqları Dövlət Sosial Müdafiə Fondunun yerli orqanına müraciət edə bilərlər.