SKMF bu il 104 milyon manat güzəştli kredit verib

Noyabrın 16-da Qazax rayonunda işgüzar forum keçirilib. Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Bildirilib ki, bu ilin ötən dövrü ərzində 1437 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 104 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə reallaşdırılan investisiya layihələri 4300-dək yeni iş yerinin açılmasına imkan yaradır.

Həmçinin, Qazax rayonunda fəaliyyət göstərən sahibkar tərəfindən aqroparkın yaradılması ilə bağlı güzəştli kreditin alınmasına dair müzakirələr aparılıb. S.Hümbətov məlumat verib ki, hazırda 26 rayonda 40 aqroparkın yaradılması təşviq olunur. Artıq Xaçmaz, Şəmkir və Cəlilabad rayonlarındakı aqroparklarda 1-ci mərhələ üzrə işlər başa çatdırılıb. 14 aqroparkın isə təşkili işlərinə başlanıb. Ümumi dəyəri 270 milyon manat olan 12 aqroparkın yaradılmasına 86,4 milyon manat güzəştli kredit verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır