SOCAR aparıcı neft-qaz şirkətlərinin sərgisində iştirak edir

Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Neft Şurasının 22-ci konqresi çərçivəsində aparıcı neft-qaz şirkətlərinin sərgisi təşkil olunub. Sərgidə Azərbaycanı SOCAR təmsil edir. Dünya energetika sektorunun ən əhəmiyyətli tədbiri olan sərgi-konqres Türkiyə Prezident Adminstrasiyasının himayəsi ilə, Türkiyənin Energetika Nazirliyinin təşkilatçılığı, eləcə də SOCAR və TPAO şirkətlərinin sponsorluğu ilə həyata keçirilir.

Sərgidə Türkiyə, ABŞ, Rusiya, Böyük Britaniya, Yaponiya, Çin, Əlcəzair, Qətər, Küveyt, Venesuela, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İtaliya daxil olmaqla dünyanın 40 ölkəsindən neftin, qazın hasilatı, emalı, kimyası və nəqli sahələrində tanınmış 100-dən artıq böyük şirkət təmsil olunur.

SOCAR-ın stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır. Şirkətin pavilyonunda Azərbaycanın qazandığı uğurlar, Türkiyədə həyata keçirilən nəhəng layihələr, ölkədə tikilməkdə olan Karbomid və Polimer zavodlarında görülən işlər nümayiş olunur. Buradakı monitorlarda Azərbaycanda karbohidrogen ehtiyatlarının kəşfiyyat-axtarış işlərindən görüntülər, neft-qaz yataqları barədə məlumatlar, beynəlxalq ixrac kəmərlərinin tikintisini əks etdirən videoçarxlar təqdim edilir.

SOCAR təmsilçiləri dünyanın aparıcı neft-qaz şirkətlərinin nümayəndələrinə şirkətin istər ölkə daxilində, istərsə də beynəlxalq layihələrdə iştirakı və rolu barədə ətraflı məlumat verir, onları maraqlandıran sualları cavablandırır.

Qeyd edək ki, sərgi-konqres işini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır