SOCAR BMT-nin İnkişaf Proqramı ilə Niyyət Protokolu imzalayıb

Martın 6-da SOCAR TOWER-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Birləşmiş Millətlər Təşkilatının Inkişaf Proqramı (BMTİP) arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlığı davam etdirmək məqsədi ilə Niyyət Protokolu imzalanıb.

Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BMT-nin Rezident Əlaqələndiricisi Qulam İsakzai imzalayıblar. SOCAR və BMTİP ortaq maraq kəsb edən sahələrdə – iqlim dəyişmələri, enerji səmərəliliyi, atmosferə atılan karbon qazının azaldılması və ümumən ətraf-mühitin qorunması sahələrində birgə layihələr keçirmək və mövcud əməkdaşlığı davam etdirmək istəklərini bəyan ediblər.

BMTİP və SOCAR 2015-ci ildən etibarən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları (NAMA)” birgə layihəsini həyata keçirirlər. Gələcək əməkdaşlığa dair Niyyət Protokolunun imzalanmasından sonra SOCAR Tower-də NAMA layihəsi çərçivəsində görülmüş tədbirlərə həsr olunan elmi-texniki konfrans keçirilib.

Tədbirdə çıxış edən SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə deyib: “SOCAR-ın BMTİP ilə birgə həyata keçirdiyi NAMA layihəsi ölkədə enerjiyə qənaət edən və karbon emissiyası aşağı olan texnologiyaları dəstəkləyir. Layihə çərçivəsində artıq 6 külək turbini və 63 kw gücündə günəş panelləri quraşdırılıb, il ərzində 1000-ə yaxın işçiyə eko-sürücülük təlimləri keçirilməsi planlaşdırılıb. Həmçinin “Siyəzənneft” NQÇİ-nin Zağlı-Zeyvə yatağı ərazisində 63 quyuda səmt qazının yığılıb emal edilərək əhaliyə verilməsi istiqamətində işlərə başlanılıb. Layihə çərçivəsində il ərzində 6.8 milyon m3 səmt qazının yığılması nəzərdə tutulur.”

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır