SOCAR-da Fasiləsiz Təkmilləşdirmə Sistemi tətbiq olunur

SOCAR-da qənaətcil istehsala əsaslanan və şirkətin fəaliyyətinin yaxşılaşdırılması üzrə ideyaların verilməsi üzrə mütəşəkkil prosesi (iqtisadi səmərənin əldə edilməsi, əmək təhlükəsizliyi səviyyəsinin artırılması, ekoloji effektivlik və s.) əhatə edən Fasiləsiz Təkmilləşdirmə Sisteminin (FTS) tətbiqi sürətlənmişdir.

Bu məqsədlə Ernst&Young; məsləhət şirkətinin əməkdaşlarının iştirakı ilə yeni prosesin əməliyyat modeli və reqlamenti hazırlanmışdır. Vəzifəsindən asılı olmayaraq SOCAR-ın bütün əməkdaşları bu prosesdə iştirak edə bilərlər. SOCAR prezidentinin əmrinə əsasən, aprelin 3-dən FTS “Azneft” İB, “Azəriqaz” İB, “Azərikimya” İB, Geofizika və Geologiya İdarəsi, Neft Kəmərləri İdarəsi, Qaz ixrac İdarəsi, Kompleks qazma işləri tresti, “Neftqaztikinti” Tresti, Heydər Əliyev adına Neft Emalı Zavodu və Qaz emalı zavodunda tətbiq olunur. İrəli sürülən ideyaların təhlili məqsədi ilə 11 müəssisədə işçi və ekspert qrupları yaradılmışdır.

Texniki Şura tərəfindən qəbul olunacaq ideyaların müəllifləri əldə ediləcək faktiki iqtisadi səmərəyə müvafiq olaraq mükafatlandırılacaqlar. Qeyd edək ki, 2016-cı ilin dekabrında Nəqliyyat Departamentində FTS-nin tətbiqi üzrə pilot layihə reallaşdırılmış, müəssisənin əməkdaşları prosesə yüksək maraq göstərmişlər. 2 həftə ərzində 12 təklif verilmiş, bu təkliflərdən 3-ü ekspert qrupunun müzakirəsinə çıxarılmış, 1 təklif isə Texniki Şuranın qərarı ilə həyata keçirilmişdir.

Nəqliyyat Departamentinin ən çox xərc tələb edən sahələrindən olan avtomobil şinləri üzrə məsrəflərin azaldılmasına yönəlmiş bu təklifin müəllifləri – texniki şöbənin əməkdaşları Vüqar Səfərov və Toğrul Allahverdiyev mükafatlandırılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır