Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin oktyabr ayında dövlət büdcəsinə 136 milyon 952 min manat vəsait ödənilib. Bu göstərici 2016-cı ilin oktyabr ayı ilə müqayisədə 11 milyon 607 min manat və ya 9.3% çoxdur.
Ümumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında büdcəyə 1 milyard 302 milyon 630 min manat vəsait ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 152 milyon 440 min manat və ya 13.3% çoxdur.
Qeyd edək ki, 2017-ci ilin oktyabr ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 13 milyon 70 min manat vəsait köçürülüb. Bu, ötən ilin oktyabr ayına nisbətən 863 min manat və ya 7.1% çoxdur. Cari ilin yanvar-oktyabr aylarında isə SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 125 milyon 496 min manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 6 milyon 126 min manat və ya 5.1% çoxdur.