“Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsində 2016-cı ilin yekunları və 2017-ci ildə görüləcək işlərə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə qeyd olunub ki, 2016-cı ildə NQÇİ üzrə təqribən 118 min ton neft, 17,1 milyon kubmetr qaz hasil edilib, proqnoza müvafiq olaraq 104,4 və 127,3 faiz əməl olunub. “Bibiheybət” yatağında 8 milyon ton neft ehtiyatı mövcuddur. Qalıq ehtiyatın yüksək hasilat göstəricisinə malik olduğu nəzərə alınaraq, daha dərin laylarda yeni tədqiqat-kəşfiyyat quyusunun qazılması qərara alınıb.
Bu il 4 quyunun yan lülə kəsilişi ilə qazılması, fəaliyyətsiz fondda olan 8 quyunun istismara qaytarılması, eləcə də mərkəzi neftyığma məntəqəsinin yenidən qurularaq istismara verilməsi, 10 obyektdə əsaslı təmir işlərinin həyata keçirilməsi, ekoloji vəziyyətin sağlamlaşdırılması üçün 2 hektar ərazidə torpaqların təmizlənməsi nəzərdə tutulur. Gündəlik hasilatın artırılması üçün tədbirlər planı işlənib hazırlanması, neftçilərin təhlükəsizliyinin tam təmin olunması, avadanlıqlara vaxtaşırı qulluq göstərilməsinin vacibliyi vurğulanıb.