SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-Kimya” III Beynəlxalq Forumu bu gün işə başlayıb.
BBN.az xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan forum 4 gün davam edəcək. Forum çərçivəsində Xəzər regionu üzrə neft və qaz emalı, kimya sənayesinin inkişafı, neft və qaz ticarəti, dünya enerji bazarlarının dinamikası və inkişaf perspektivləri kimi mövzuları əhatə edən 40-a yaxın məruzə dinləniləcək, panel müzakirələri aparılacaq. Forum iştirakçıları Heydər Əliyev adına Neft Emalı Zavodu, SOCAR-ın kimya sənaye kompleksləri və Səngəçal terminalına səfər edəcəklər.
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov forumun açılışını elan edib və bildirib: “SOCAR-ın III Beynəlxalq Forumu hər il BANM və Confidence Capital Ltd şirkətinin təşkilatçılığı ilə keçirilir. Neft və qaz mütəxəssislərinin təqvimində artıq bir ənənəyə çevrilmiş bu forum həm də təhsil və sənaye arasındakı əməkdaşlığın möhkəmlənməsi üçün mühüm bir vasitədir. BANM-nin gənc mütəxəssisləri burada dünyanın aparıcı şirkətləri ilə birbaşa tanış olur, karyera inkişafı baxımından yeni imkanları kəşf edirlər.”
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə qeyd etmişdir ki, SOCAR-ın Beynəlxalq Forumu xarici tərəfdaşlarla əlaqələrin daim diqqətdə saxlanılması və bununla beynəlxalq əməkdaşlıq bağlarının güclənməsi üçün zəruri şərait yaradır.
Forumda Azərbaycanın hökumət nümayəndələri ilə yanaşı SOCAR və BP rəsmiləri, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya, Türkiyə və digər ölkələrin enerji nazirlikləri, eləcə də transmilli neft-qaz şirkətlərinin nümayəndələri, analitiklər, bank strukturlarının nümayəndələri olmaqla dünyanın 20-ə yaxın ölkəsindən 250-dən artıq mütəxəssis iştirak edir.
Qeyd edək ki, SOCAR-ın Forumu əsasən neft və qaz emalı, kimya sənayesi və neft-qaz ticarətinin mütəxəssisləri, enerji şirkətlərinin rəsmiləri üçün münbit əməkdaşlıq və şəbəkələşmə platformasını təşkil edir. BANM tərəfindən, ardıcıl olaraq, üçüncü dəfə keçirilən bu forum, ilk növbədə məhz “daunstrim” fəaliyyətlərini diqqətə almaqla, SOCAR-ın hazırkı davamlı inkişaf strategiyasının əsas istiqamətlərindən birini əks etdirir. Belə ki, 2007-2008-ci ildən etibarən SOCAR öz əməliyyat portfelini şaxələndirərək, neft və neft məhsullarının ticarəti, emal və kimya sənayesinə ciddi sərmayələr yatırmağa başlayıb.