Noyabrın 5-də Sumqayıt şəhərində “Azərikimya” İB-nin konfrans zalında SOCAR-ın prezidenti Rövnəq Abdullayev və digər rəhbər şəxslərin iştirakı ilə “Etilen-polietilen” zavodunun yenidənqurulması layihəsi çərçivəsində Birlik və “TECHNİP İTALY S.p.A.” şirkəti, eləcə də “SOCAR-KBR” Birgə Müəssisəsi arasında imzalanma mərasimi keçirilmişdir.
“TECHNİP İTALY S.p.A.” şirkətinin Baş İcraçı Direktoru Marco Villa və “KBR” şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti Jan Egil Braendeland təqdimatla çıxış etmişlər. Baş İcraçı Direktoru Marco Villa qeyd etmişdir ki, mərhələli olaraq 2018-2019-cu illərə qədər davam etdiriləcək yenidənqurma layihələrinin mürəkkəbliyi nəzərə alınaraq, Azərbaycan Respublikasında neft-qaz və neft-kimya sektorunda layihələrin icra qrafikinə nəzarət funksiyasının yerinə yetirilməsi, podratçılara nəzarət və idarəetmə sahələrində böyük təcrübəyə malik “SOCAR-KBR” Birgə Müəssisəsi Layihənin İdarə Edilməsi üzrə podratçı (PMC) qismində işlərə cəlb olunmuşdur.
“KBR” şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti, “SOCAR-KBR” Birgə Müəssisəsinin İdarə Heyətinin üzvü Jan Egil Braendeland bildirmişdir ki, imzalanacaq müqavilə çərçivəsində “SOCAR-KBR” və “Azərikimya” İB-nin mütəxəssislərindən ibarət İnteqrasiya olunmuş İdarəetmə Komandası (IPMT)- “Birgə Layihə Qrupu”nun yaradılması nəzərdə tutulur. “SOCAR-KBR” Birgə Müəssisəsi layihənin bütün mərhələlərinin icrasına nəzarət edəcək və cəlb olunan podratçıların idarə edilməsində “Azərikimya” İB-yə dəstək verəcəkdir.
Hər iki müqaviləni “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev, qarşı tərəfdənsə müvafiq olaraq “TECHNİP İTALY S.p.A.” şirkətinin Baş İcraçı Direktoru Marco Villa və “KBR” şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti Jan Egil Braendeland imzalamışlar.