SOCAR-ın nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib

Noyabrın 27-dən dekabrın 3-ə kimi Tokio və Yokohama şəhərlərində Yaponiyanın Neft, Qaz, Metal və Geotermal Enerji üzrə Korporasiyası (JOGMEC) tərəfindən təşkil edilmiş Texnoforum – 2016 beynəlxalq konfransı keçirilmişdir.Bir sıra ölkələrin dövlət rəsmilərinin, Yaponiyanın Su, Torpaq, Həyat problemləri İnstitutu (JAMSTEC), Vaseda Universiteti, Сhioda Corporation, JOGMEC, İNPEX, İTOCHU, TOTAL, QAZPROM şirkətlərinin, müxtəlif dövlət orqanları və özəl təşkilat nümayəndələrinin iştirak etdikləri konfransda Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyi, SOCAR və “SOCAR Upstream” şirkəti də təmsil olunmuşdur. SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov konfransda çıxışında Azərbaycanın həm quruda, həm də dənizdə neft hasilatının pioneri olduğunu qeyd etmiş, neftvermə əmsalının artırılmasının perspektiv metodları, xüsusilə də quruda tədqiqat işlərinin intensivləşdirilməsi ilə yüksək qalıqlı neftlə doymuş yataqlarda neftvermənin artırılması istiqamətində həyata keçirilən işlər barədə məlumat vermiş, eləcə də son nailiyyətlərdən, ölkəmizdə yaradılmış pozitiv sərmayə mühitindən söz açmışdır. Konfransda Xəzər dənizinin Azərbaycan sektorunda istifadə olunan müasir texnologiyalara və “Əsrin müqaviləsi”nə həsr olunmuş video materiallar təqdim edilmişdir.


SOCAR nümayəndələri konfrans çərçivəsində İNPEX şirkətinin prezidenti Toşiaki Kitamura, Vaseda Universitetinin professoru Kurihara, İTOCHU şirkətinin prezidenti Masahiro İmai və digər şirkətlərin rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirmişlər. Görüşlərdə qarşılıqlı əməkdaşlıq, o cümlədən Vaseda Universitetinin professorlarının Bakı Ali Neft Məktəbində mühazirələr oxuması, daha dörd SOCAR mütəxəssisinin Yaponiyada təcrübə keçməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur. SOCAR nümayəndələri Yokohama şəhərində JAMSTEC institutunu ziyarət etmiş, bu qurumun icraçı direktoru Vataru Azuma və digər rəhbər şəxslərlə görüşmüşlər. Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyində keçirilən görüşdə əməkdaşlıq, yapon iştirakçıların maraqlı olduqları layihələrin maliyyələşdirilməsi ətrafında fikir mübadiləsi aparılmış, gələn ilin əvvəlində texnoforumun region bazarının iştirakçıları üçün Azərbaycanda təşkil olunmasının mümkünlüyü müzakirə edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır