SOCAR kəşfiyyat və hasilat sahəsində effektivliyi artırmağa istiqamətlənib

“Neftqazelmitədqiqatlayihə” İnstitutunda SOCAR-ın həyata keçirdiyi iri layihələrin təhlili ilə məşğul olan beynəlxalq Independent Projects Analysis (Layihələrin Müstəqil Təhlili) şirkəti tərəfindən görülən işlərin hesabatına dair tədbir keçirilib.

SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun, geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynovun, “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılovun, eləcə də Baş ofisin idarə və şöbə rəislərinin iştirak etdiyi tədbirdə hesabatın ekspertlər səviyyəsində müzakirəsi aparılıb.

Tədbirdə bildirilib ki, SOCAR-ın da üzv olduğu “Upstream International Benchmarking Consortium” (Kəşfiyyat və Hasilat Sahəsində Kapital Layihələrinin müqaisəli təhlili (bençmarkinqi) üzrə beynəlxalq konsorsium) – UİBC çərçivəsində kəşfiyyat və hasilat sahəsində təmsil edilən transmilli və milli şirkətlər tərəfindən bütün dunyada həyata keçirilən kapital layihələrin effektivliyinin müqayisəli təhlili aparılır.

SOCAR və onun stukturuna daxil olan “Azneft” İstehsalat Birliyi işlənmənin son mərhələsində olan yataqlarda hasilatın sabit saxlanılması məqsədi ilə mütəmadi olaraq kapital qoyuluşu layihələri icra edir. Bundan əlavə, yaxın zamanlarda SOCAR tərəfindən “Qarabağ”, “Ümid”, “Babək” kimi perspektiv yataq və strukturların kəşfiyyatı, işlənilməsi və abadlaşdırılması, həmçinin “Abşeron” yatağının işlənilməsi və bu yatağın “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin infrastrukturuna birləşdirilməsi kimi iri layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır