İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın ötən ilin yekunlarını əks etdirən 2018-ci ilin yanvar buraxılışında, “SOCAR Methanol” MMC-nin 43 milyon ABŞ dolları həcmində məhsul ixrac edərək qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus ixracatçı şirkətlərin reytinqində beşinci yerdə qərarlaşdığı bildirilib.
BBN.az xəbər verir ki, “SOCAR Methanol” MMC 2017-ci ildə istehsal etdiyi məhsulun 95%-ni ixraca yönəldib. Həmçinin, şirkət ümumi qeyri-neft mallarının ixracı siyahısında yeddinci yerdə qərarlaşıb.
Qeyd edək ki, icmalda 2017-ci il ərzində qeyri-neft sektoru üzrə ixracın 1 milyard 538 milyon ABŞ dolları təşkil etdiyi göstərilir. Beləliklə, ölkənin 2017-ci il ərzində qeyri-neft ixracının təqribən 3%-i Cəmiyyətin payına düşüb.