Fevralın 27-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin vitse-prezidentlərinin iştirakı ilə “SOCAR Polymer” zavodunda nümayiş və sınaq məqsədi ilə ilk dəfə polipropilen məhsulunun istehsalı həyata keçirilib.
BBN.az xəbər verir ki, Sumqayıta işgüzar səfəri çərçivəsində, SOCAR-ın prezidenti “Azərikimya” İB, “SOCAR Karbamid” və “SOCAR Polymer” müəssisələrində baxışlar keçirib, yeni zavodlarda istismarın başlanması ərəfəsində hazırlıq işlərinə dair təlimatlar verib.
“SOCAR Polymer” müəssisəsi polipropilen və yüksəksıxlıqlı polietilen istehsal edən iki zavoddan ibarətdir. Bu zavodların istismara verilməsi cari ilin 2-ci və 4-cü rüblərində planlaşdırılır.
“SOCAR Karbamid” zavodunda tikinti işləri sona çatmaq üzrədir və bir aydan sonra artıq sınaq-sazlama işlərinə başlanılacaq. Zavodda ilk məhsul -ammonyakın istehsalı bu ilin avqust ayında planlaşdırılır. Cari ilin oktyabr ayında isə zavodun yekun məhsulu – azot gübrəsi (karbamid) istehsal olunacaq. İstehsal ediləcək karbamidin təxminən 150 min tonu daxili tələbatı tam təmin edəcək və nəticədə Azərbaycanda gübrənin idxalına illik sərf olunan 55 milyon dollar vəsait ölkə daxilində qalacaq. Məhsulun qalan 450-500 min tonluq həcmi isə ixrac üçün nəzərdə tutulur.