Azərbaycan və İran arasında tərəfdaşlıq genişləndirilə bilər

Noyabrın 29-da SOCAR-ın Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev İranın Neft Nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmirhüseyn Zəmaniniya və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

SOCAR-ın prezidenti R.Abdullayev son zamanlar Azərbaycanla İran arasında iqtisadiyyatın müxtəlif sahələrində münasibətlərin daha da genişləndiyini, xüsusilə iki ölkənin neft-qaz sektoruna daxil olan şirkətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində dialoqun intensivləşdiyini və bu prosesdə qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd edib. SOCAR-ın İran şirkətləri ilə əlaqələrinə toxunan R.Abdullayev mövcud tərəfdaşlıq münasibətlərindən söz açıb, genişlənmə imkanlarını qeyd edib. 

İranın Neft Nazirinin muavini Ə. Zəmaniniya ölkələrimiz arasında iqtisadi sahələrdə, o cümlədən, enerji sektorunda əlaqələrin dərinləşdirilməsi üçün böyük potensialın olduğunu söyləymiş, neft-qaz sənayesində əməkdaşlığın qonşu ölkələrdə inkişafa daha böyük töhfələr verəcəyinə əminliyini qeyd edib.

Planlaşdırılan əməkdaşlıq layihələri sayəsində yaxın perspektivdə İranda neft və qaz hasilatının artırılacağını diqqətə çatdıran nazir müavini, SOCAR-ın qlobal layihələrdə böyük təcrübəsi olan beynəlxalq şirkət kimi həmin müştərək layihələrdə iştirakında maraqlı olduqlarını vurğulayıb.

Görüşdə Azərbaycan və İran arasında neft-qaz sektorunda, o cümlədən İran körfəzində və Xəzər dənizində də, tərəfdaşlığın genişləndirilməsi məsələləri ətraflı müzakirə edilib, əməkdaşlığın genişləndirilməsi üçün olduqca münasib imkanların mövcud olduğunu vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır