SOCAR Türkiyənin İzmir şəhərində yerləşən STAR neft emalı zavodunda baş verən kütləvi zəhərlənmə hadisəsinə münasibət bildirib.
Açıqlamada bildirilib ki, zəhərlənmənin qidadan baş verib-verməməsi barədə danışmaq tezdir: “Zəhərlənmə nəticəsində 2 nəfər xəstəxanaya yerləşdirilib, 300 nəfərə yaxın işçi isə özünü narahat hiss etdiyi üçün tibbi müayinə alır. Hadisənin baş vermə səbəbinin qida olub-olmaması araşdırılır. Belə ki, qida nümunələri laboratoriyaya göndərilib”.
O da qeyd edilib ki, STAR neft emalı zavodunun ərazisində yüzlərlə podratçı şirkət fəaliyyət göstərir və sözügedən hadisə də məhz o şirkətlərdən birinin sahəsində baş verib: “Həmin podratçının bir keytrinq şirkəti ilə müqaviləsi var və əməkdaşlıq çərçivəsində şirkət işçilərinə ödənişsiz yemək verir. Başqa sözlə, məsələnin SOCAR və ya STAR-a aidiyyəti yoxdur”.
Qeyd edək ki, SOCAR-ın Türkiyədəki törəməsi olan STAR neft emalı zavodunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Mənbə: APA