SOCAR və “Statoil” şirkəti arasında görüş olub

Sentyabrın 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin Baş ofisində “Statoil” şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxeri qəbul edib.

Görüşdə SOCAR ilə tərəfdaş şirkətlər arasında razılaşdırılmış şərtlər əsasında AÇQ layihəsi üzrə 2050-ci ilədək davam edəcək yeni müqavilənin imzalanmasını əlamətdar hadisə adlandıran R. Abdullayev yeni müqavilənin xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını bir daha sübut etdiyini və tərəfdaşlığı yeni müstəviyə qaldırdığını bildirib.

“”Statoil” Azərbaycanda artıq 25 ildir uğurla fəaliyyət göstərir və əməkdaşlığın uzadılmasına dair bu gün imzalanmış müqavilə bu yubileyə ən yaxşı hədiyyədir” deyə Lars Kristian Baxer qeyd edib.

Görüşdə SOCAR və Statoil şirkətləri tərəfindən “Qarabağ” yatağı, “Əşrəfi” və “Dan ulduzu” perspektiv strukturlarının birgə işlənilməsi istiqamətində müzakirələr aparılıb, təkliflər dinlənilib, fikir mübadiləsi olub.

Eyni zamanda şirkətlərin ətraf mühitin mühafizəsi, insan resurslarının inkişafı, o cümlədən neft-qaz mütəxəssislərinin hazırlanması, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə uğurlu müştərək tədbirlər həyata keçirdikləri qeyd olunub. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərin geniş spektri nəzərdən keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır