SOCAR və İNPEX şirkətləri arasında əməkdaşlıq davam etdirilir

Yaponiyanın Azərbaycandakı səfirinin iqamətgahında SOCAR-ın gənc mühəndisləri üçün Tokio şəhərində həyata keçirilən təlim proqramlarına və İNPEX şirkəti ilə əməkdaşlığa dair tədbir keçirilib.Tədbirdə SOCAR-ın vitse-prezidentləri Xalik Məmmədov, Bəhram Hüseynov və Yaşar Lətifov, İNPEX şirkətinin vitse-prezidenti Akihiko Kuraşina, eləcə də bu proqramlara cəlb olunmuş gənc mütəxəssislər iştirak edib.

Tədbirdə Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori Yaponiya və Azərbaycan əlaqələrinin daha da güclənməsində belə görüşlərin əhəmiyyətini vurğulayıb. SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov 2016-cı ilin aprel-iyun aylarında Tokio şəhərində SOCAR-ın gənc mütəxəssisləri üçün layların işlənməsi ilə bağlı təşkil edilən texniki təlim proqramı haqqında danışıb, kursların keçirilməsinə dəstək olan İNPEX şirkətinə təşəkkürünü bildirib. Həmçinin, təlim müddətində Yaponiyanın zəngin mədəni irsi nümayiş etdirilib, maraqlı ekskursiyalar təşkil olunub.

Qeyd edək ki, 2017-ci ilin avqust-oktyabr aylarında  SOCAR-ın daha 4 gənc mütəxəssisi üçün bu cür təlimlərin təşkili nəzərdə tutulur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır