Dekabrın 25-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Türkiye Petrolleri A.O. şirkəti İdarə Heyətinin sədri və Baş direktoru Melih Han Bilgin arasında görüş keçirilib.
Görüşdə iki şirkət arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.SOCAR prezidenti Rövnəq Abdullayev iki qardaş ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib, qeyd edib ki, Azərbaycanda ilk xarici investorlardan biri olan TPAO şirkəti uzun müddət ərzində SOCAR-la ”Azəri-Çıraq-Günəşli”, ”Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan kimi layihələr çərçivəsində uğurlu tərəfdaşlıq edir. Həmin layihələr çərçivəsində qazanılan nailiyyətlər bu gün də iki qardaş ölkənin iqtisadi yüksəlişinə xidmət edir.
Türkiye Petrolleri A.O. şirkəti İdarə Heyətinin sədri və Baş direktoru Melih Han Bilgin öz növbəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlər olduğunu söyləyib, qeyd edib ki, Türkiyə şirkətlərinin Azərbaycanda həyata keçirdiyi enerji layhələrində iştirakı, habelə SOCAR-ın Türkiyədə reallaşdırdığı investisiya layihələri hər iki ölkənin iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir.