SOCAR və BP saziş imzalayıblar

Saziş Xəzərdə yeni imkanların araşdırılması üçün şərait yaradır və Azərbaycanın hasilatına uzunmüddətli töhfə vermək potensialına malikdir.

SOCAR və BP bu gün Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunun birgə kəşfiyyatı və işlənməsi üçün hasilatın pay bölgüsü haqqında yeni saziş (HPBS) imzalayıblar.

HPBS Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın baş naziri Tereza Meyin iştirakı ilə London şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP Qrupunun baş icraçı direktoru Bob Dadli tərəfindən imzalanıb.

İmzalanma mərasimində çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Bizim BP ilə artıq uzunmüddətli əməkdaşlıq ənənəmiz formalaşıb. Əminəm ki, hər iki şirkətin malik olduğu müasir neft-qaz texnologiyaları və unikal tarixi təcrübə sayəsində bu əməkdaşlıq öz uğur silsiləsini davam etdirəcək. Bu gün imzalanan saziş bərabər və ədalətli əsaslar üzərində qurulub və Azərbaycanın təbii ehtiyatlarının ortaq şəkildə maksimum səmərə ilə reallaşdırılması istiqamətində mühüm rol oynayacaq.”

Cənab Dadli deyib: “Bu saziş Azərbaycanda uzun müddətli hasilatı dəstəkləmək, SOCAR və BP-nin Xəzərdə əlavə imkanların araşdırılması məqsədi ilə yeni birgə səylərinə söykənir. 25 ildən çoxdur ki, biz bu regionda fəaliyyət göstəririk və inanırıq ki, burada hələ də əhəmiyyətli neft və qaz potensialı mövcuddur. Biz SOCAR və digər tərəfdaşlarımızla sıx işləyərək geoloji kəşfiyyat işləri aparmaqla və qarşıdan gələn onilliklərdə Xəzərin gələcəyini təmin etməyə yardımçı olmaqla Azərbaycandakı əhəmiyyətli biznesimizi artırmaqda davam edəcəyik.”

D230 bloku Xəzər dənizində Bakının şimal-şərq istiqamətində təxminən 135 kilometr (84 mil) məsafədə yerləşir. Blok təxminən 3200 kvadrat kilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi təxminən 3500 metrdir.

25 illik müddəti əhatə edən HPBS-ə əsasən BP 50 faiz işitrak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq. Bundan əvvəl, 2016-cı ilin may ayında, D230 blokunda geoloji kəşfiyyat işlərinin aparılması haqqında SOCAR-la Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır